Dayaq-hərəkət sistemi xəstəlikləri ürək-damar sistemi xəstəlikləri və avtoqəzalardan sonra rastgəlmə tezliyinə görə üçüncü yerdə durur. Dayaq-hərəkət sistemi xəstəlikəri arasında onurğa sütunu deformasiyaları daha geniş yayılmışdır. Onurğa sütunu deformasiyalarının 95%-ni skolioz təşkil edir.

Skolioz onurğanın lateral ( yana (sağa və ya sola)) əyriliyi, eyni zamanda onun öz oxu ətrafında rotasiyasıdır (hərlənməsidir). Yalnız Skoliotik əyrilik bucağı (Cobb bucağı) 10 dərəcədən çox olan əyriliklər skolioz adlandırılır.

Skoliozun bir çox növü var ki, bunlar arasında idiopatik skolioz daha geniş yayılmışdır. İdiopatik skoliozun etiologiyasında bir çox səbəblər olsa da, onun yaranma səbəbi tam bəlli deyil. İdiopatik skolioz ümumi rast gəlinən skoliozlar içərisində 98% təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Skolioz Araşdırma Cəmiyyətinin son məlumatına əsasən, hər 1000 qızın 10-da və hər 1000 oğlanın 2-də skolioza təsadüf edilir. Bunlardan da 25%-i əməliyyata məruz qalır. Bəzi regionlarda bu göstərici daha yüksəkdir.

Azərbaycanda da skolioz geniş yayılmış onurğa sütunu patologiyalarına aid edilir. Uşaqlar arasında skoliozun rastgəlmə tezliyi daha yüksəkdir. Belə ki, ölkəmizdə hər 1000 qızın 20-də və hər 1000 oğlanın 5-də skolioza təsadüf edilir. Bunların da 30%-nin müalicəsi yalnız cərrahi əməliyyatla mümkündür.

Skoliozun erkən diaqnostikası böyük əhəmiyyət kəsb edir. Belə ki, erkən diaqnostika zamanı cərrahi əməliyyata ehtiyacı olan xəstələrin faiz göstəricisini 20%-ə endirmək və əməliyyata ehtiyacı olan xəstələri erkən əməliyyat etmək mümkün olur. Erkən cərrahi əməliyyatların gecikmiş əməliyyatlara nisbətən bir çox üstünlukləri var.

Erkən və müasir üsullarla aparılan cərrahi əməliyyatlar yalnız bir mərhələdə, 99% sağlıq və kosmetik nöqteyi-nəzərdən uğurluluqla, çox hərəkət seqmenti itirmədən, tez bir zamanda gündəlik həyata dönmək üstünlüyü verir.


    Müalicə düzgün aparılmamış və cərrahi əməliyyat gecikdirilmiş xəstələrdə irəliləmiş skoliotik əyriliklər təkcə çox böyük kosmetik defektlərlə yekunlaşmır, eyni zamanda çox ciddi həyati problemlər (aşağı ətrafların iflici, sidik sistemi və cinsiyyət orqanları problemləri, hamiləlik zamanı müşahidə olunan ağırlaşmalar və s. ), xüsusi ilə ürək-ağciyər çatışmazlığı törədə bilir. Son araşdırmalar göstərir ki, skoliotik əyrilik bucağı 100 dərəcəni keçən xəstələr müxtəlif ağırlaşmalardan erkən yaşlarda (30 yaşlarında) ölümlə üz-üzə qalır. Qeyd etmək lazımdır ki, müasir skolioz cərrahiyəsi hətta gecikmiş hallarda da onurğanın düzəldilməsinə imkan verir.


Bəzən bu gecikdirmə halları çox böyük (Cobb bucağı 100 dərəcədən artıq) əyriliklərin yaranmasına səbəb olur. Müasir cərrahi texnika və avadanlıqlar bu əyriliklərin aradan qaldırılmasına imkan versə də, əməliyyatlar daha ağır olur. Bu əməliyyatlar ekstrim skolioz cərrahiyəsi adlanır.

       


Skoliotik əyrilik bucağı 100 dərəcədən artıq və rigid skoliotik əyrilikli xəstələrdə bəzən bir mərhələdə deyil, iki mərhələdə cərrahi əməliyyatın aparılması lazım olur.


Skoliozun cərrahi müalicəsinin tarixi 100 ildən çoxdur. Bu illər ərzində skoliotik deformasiyanın cərrahi aradan qaldırılmasının bir çox üsulları təklif olunmuşdur ki, bunların da bəziləri hal-hazırda müasir insan üçün çox qorxunc gorünə bilər. Skoliozun novündən asılı olmayaraq müasir cərrahi müalicəsi transpedikulyar fiksəyə əsaslanır. Transpedikulyar fiksə zamanı xüsusi titanium şruplar vasitəsi ilə hər bir fəqərə fiksə edilir və onları birləşdirən rod vasitəsi ilə əyrilik düzəldilir.

Transpedikulyar fiksə vasitəsilə əvvəllər 2-3 mərhələli əməliyyatlarla düzəldilə bilən və hətta düzəldilməsi mümkün olmayan deformasiyaların cərrahi əməliyyatlarının aparılması mümkün olmuşdur. Bu əməliyyatların uğurluluğu 98-99 %-dir, köhnə üsullarla icra olunan əməliyyatların uğurluluq göstəricisi isə 60-65 %-dən yuxarı olmamışdır. Əvvəllər istifadə edilən cərrahi alətlər və metodika ilə yalnız çox böyük olmayan skoliotik əyriliklərin korreksiyası mümkün olurdusa, müasir üsullarla hətta 100 dərəcədən artıq olan əyriliklərin korreksiyası həyata keçirilə bilir. Müasir əməliyyatlar sonrası əvvəllər postoperativ dövrdə tətbiq edilən gips sarğılar, gips yataqlar və korsetlər tətbiq edilmir. Xəstələr 3 gün sonra gəzir və 5 gün sonra evə yazılırlar.

30 dərəcəli əyriliklər artıq stabil əyriliklərdir. Son araşdırmalara əsasən, 30 dərəcədən artıq əyriliklər insanın bütün həyatı boyu ağırlıq qüvvəsi sayəsində daha da artır, əyriliklərin çox hissəsi müxtəlif yaşlarda və müxtəlif səbəblərdən əməliyyata məruz qalır.

Bunları nəzərə alaraq valideynlər öz uşaqları üzərində , xüsusilə 10-11 yaşlarda ciddi nəzarət etməlidirlər. Hər hansı bir qamət pozğunluğu aşkar edildikdə ortoped-vertebroloqa müraciət edilməlidir.

 

   


© 2011 Skolioz.az
Saytın hazırlanması - VHPRODUCTİON